WRO Azərbaycan
Yeniyetmə və gənclərin elmi-texniki biliklərinin artırılması, innovativ yanaşma, qlobal problemlərin robotik həll yollarının
tapılmasının təşviq olunması məqsədilə keçirilən, dünyanın ən böyük robototexnika yarışması olan Dünya Robot Olimpiadası
2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilən bu Olimpiadada
12 ölkə iştirak etsə də artıq bu say 100-ü keçib.
Ümumilikdə 8-19 yaş arası yeniyetmə və gəncləri əhatə edən bu hərəkata 2017-ci ildən etibarən ölkəmizdə də start verildi və
Azərbaycan elə həmin il Dünya Robot Olimpiadasını rəsmi təşkilatçısı olan Dünya Robot Olimpiadası Assosiasiyasına
(World Robot Olimpiad Association) həqiqi üzv kimi qəbul olunmuşdur.
İnnovativ yeniliklər üzərində qurulan müasir dünyamızın qabaqcıl ölkələrinin yaxından izlədiyi və qatıldığı Dünya Robot
Olimpiadasında iştirak etmək və bu hərəkatın ölkəmizin yeniyetmə və gənclər arasında geniş təşviq olunmasında əsas məqsəd gənclərin
İKT və elmi biliklərinin inkişafına dəstək vermək, yaradıcılıq potensialını üzə çıxarmaq və ətrafda mövcud olan problemlərin robotik
həllərini tapmağa sövq etməkdir.
Məlumat üçün qeyd edək ki, ilk dəfə 2017-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü və təşkilatçılığı,
AREA (Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının) təşkilati və texniki dəstəyi ilə keçirilmiş Dünya Robot Olimpiadasının
Azərbaycan seçimlərinə yalnız paytaxtın 34 təhsil müəssisəsini təmsil edən 75 komanda qatılmışdısa, 2024-cü ildə keçirilən
Azərbaycanda VII Robot Olimpiadasında ölkəmizin 20 şəhər və rayonunu təmsil edən 316 komanda qeydiyyatdan keçmişdir.
Hər il Olimpiadada 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər 4 kateqoriya üzrə öz bilik və bacarıqlarını sınayır.
“Robomission” kateqoriyası: Müxtəlif yaş kateqoriyalarında verilmiş xəritə və xüsusi tapşırığa uyğun olaraq iştirakçılar tərəfindən robot yaradılması və proqramlaşdırılması.
“Robosports” kateqoriyası: Avtonom proqramlaşdırılmış robotlar arasında qoşa tennis oyununun keçirilməsi.
“Future innovators” kateqoriyası: Verilmiş missiya üzrə prototip robot həll və startap ideyalarının təqdim edilməsi.
“Future engineers” kateqoriyası: Verilmiş açıq həllər üzrə mühəndislik və proqramlaşdırma biliklərindən istifadə edərək avtonom idarə olunan nəqliyyat vasitələrinin hazırlanması.
Hər il Dünya Robot Olimpiadası Assosiasiyası (World Robot Olimpiad Association) tərəfindən təqdim olunan mövzu və qaydalara uyğun olaraq keçirilən
Azərbaycan Robot Olimpiadasında müxtəlif qurumları təmsil edən yüksək ixtisaslı hakimlərin nəzarət və qiymətləndirmələri nəticəsində qalib olan
komandalar ölkəmizi qalib olduğu kateqoriya üzrə Dünya Robot Olimpiadasında təmsil etmək hüququ qazanır.
Qaliblərin Dünya Robot Olimpiadasında iştirakı tam olaraq yerli təşkilatçılar tərəfindən qarşılanır.