Azərbaycanda VII Robot Olimpiadasına start verildi!

20 sentyabr tarixində Bakıda yeniyetmə və gənclər arasında VII Robot Olimpiadasının açılış mərasimi baş tutub. Olimpiada Gənclər və İdman Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında keçirilib.

Olimpiadanın rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb. Açılışda helikopter, planer və dron şousu baş tutub.
Qeyd edək ki, VI Robot Olimpiadasında qalib olmuş komandalar 28-30 noyabr 2024-cü il tarixlərində Türkiyənin İzmir şəhərində keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəklər.

Olimpiadada 4 kateqoriya üzrə 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər yarışacaqlar: “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers”.
• "Robomission" kateqoriyasında müxtəlif yaş kateqoriyalarında verilmiş xəritə və xüsusi tapşırığa uyğun olaraq iştirakçılar tərəfindən robot yaradılır və proqramlaşdırılır.
• "Robosports" kateqoriyasında avtonom proqramlaşdırılmış robotlar arasında qoşa tennis oyunu keçirilir.
• "Future innovators" kateqoriyasında verilmiş missiya üzrə (Dünyanı Birləşdirək) prototip robot həll və startap ideyalarının təqdim edilməsi.
• "Future engineers" kateqoriyasında verilmiş açıq həllər üzrə mühəndislik və proqramlaşdırma biliklərindən istifadə edərək avtonom idarə olunan nəqliyyat vasitələrinin hazırlanması.

Ümumilikdə bu kateqoriyalar üzrə Respublikanın 20 rayon və şəhərindən 316 komanda qeydiyyatdan keçib. Qeydiyyatdan keçən komandaların hazırlıq səviyyəsi ilə bağlı monitorinqlər keçirilib və final mərhələsində 163 komanda iştirak etmək hüququ qazanıb. Əlavə olaraq, finala vəsiqə qazanmış komandalara Göygöl Olimpiya İdman Kompleksində layihələrini inkişaf etdirmələri üçün yay düşərgəsi təşkil edilib. Düşərgə müddətində gənclərə müxtəlif interaktiv təlimlər keçirilib.