“2021 Dünya Robot Olimpiadası”na Azərbaycan üzrə seçmə mərhələsi üçün son qeydiyyat tarixi müəyyənləşib
“2021 Dünya Robot Olimpiadası” Azərbaycan üzrə seçmə mərhələsi bu il iyulun 3-4-də onlayn və virtual platforma üzərindən keçirilməsi nəzərdə tutulub.
Azərbaycanda Olimpiada Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman və Təhsil nazirliklərinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası (AREA) və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə 8-19 yaşlı yeniyetmə və gənclər arasında Azərbaycanda “IV Virtual Robot Olimpiadası” cari il iyulun 24-25-də keçiriləcək.
Bu il qalib gələn komandalar ölkəmizi “2021 Dünya Robot Olimpiadası”nda təmsil edəcək.
Olimpiada ilə bağlı yeniliklərlə www.robotvirtualgames.com/wro veb-saytında tanış olmaq mümkündür.
Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışması olan “Dünya Robot Olimpiadası” 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda təşkil edilən bu Olimpiadada 12 ölkə iştirak etsə də, artıq bu say 70-i ötüb.
Xatırladaq ki, Azərbaycan 2017-ci ilin sonunda “Dünya Robot Olimpiadası”nın həqiqi üzvlüyünə qəbul edilib.
